Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Xumar Səlimovanın faciəli taleyi

0




  •         Müsahibim Xocalı soyqırımında atası, üç qardaşı şəhid olmuş Səlimova Xumar


    Bahadur qızıdır. Xumar Səlimova bir neçə saat yaralı vəziyyətdə erməni əsirliyində olmuşdur. Sağ tərəfindən qəlpə yaraları alan Xumarı ermənilər sürüyə-sürüyə aparmaq istəyiblər. Huşunu itirən Xumarın öldüyünü zənn edərək erməni quldurları ondan əl çəkiblər. Döyüşçülər Xumarı Səlimovanı meyitlərin arasından çıxarıblar.
            Uzun illər çəkən müalicədən sonra fiziki ağrıları qismən azalmışdır. Lakin qəlbindəki mənəvi ağrılar ömrü boyu bu gözüyaşlı qadını tərk etməyəcəkdir. O, gördüyü dəhşətləri, çəkdiyi iztirabları "Xocalının səsi" qəzetinə göz yaşları ilə danışdı.


            Xocalı soyqırımı günü valideynlərim, gəlinimiz, qardaşımın 3 uşağı və mən evdə idik. Şəhər hər tərəfdən mühasirəyə alınmış və ağır artilleriya silahları ilə atəşə tutulmuşdu. Şəhəri tərk etmək məcburiyyətində qaldıq. Digər xocalılarla birlikdə Qarqar çayını keçərək Kətik dağına tərəf getdik. Fevralın şaxtasında çayı keçmək çətin idi. Əlində silah olan döyüşçülər bizi qorumaq üçün önümüzdə gedirdilər. Ayaqlarımız donmuşdu, getmək olmurdu. Sıldırım qayalarla çıxmalı olduq. Səhərə qədər bir – birimizin əlindən tutaraq qayaları dırmaşdıq. Hava işıqlandı. Məşvərət oldu ki, hamı bir yerdə getməsin. Kişilər ətrafı yoxlamağa getdi. Qardaşım da onların içində idi. Bir az getmişdik ki, ermənilər meşədə bizi güclü atəşə tutdular. Güllə sanki yağış kimi üstümüzə yağırdı. Ağır texnikalardan, snayper, avtomat və qumbaralardan bizə güclü atəş edildi. Orada tankın gülləbaranı ilə bir nəçə nəfər şəhid oldu. Gəlinimizin bacısı altı uşaq anası olan Zərifi başından vurdular. Uşaqları anasının başına toplaşıb ağlaşırdılar. Bu acı mənzərə hər kəsi qəhərə boğmuşdu. Hərə öz canının dərdində olsa da, yetim qalan körpələrin aqibəti hər kəsi narahat edirdi. Uşaqlar analarını özləri ilə aparmaq istəsələr də, ağsaqqallar buna icazə vermədi. Meyitin üstünü qarla örtdülər. Çətinliklə oradan uzaqlaşdıq. Hər dəqiqə aqibətimiz daha da pisləşirdi. Yorğunluq və soyuq insanları heydən salmışdı. Erməni qaniçənləri isə bizə yaxınlaşırdı. Qardaşım Mikayıl silahı mənə tuşlayıb öldürmək istədi. Ermənilərə əsir düşməyimi istəmirdi. Mən özüm də düşmənə əsir düşməyin nə olduğunu başa düşəcək yaşda idim. Gözlərimi yumub ölümü gözləyirdim. Mikayıl silahı iki dəfə çəkib məni vurmaq istəsə də, atam icazə vermədi. Qardaşıma qeyrət hissi güc gəlsə də, ata yalvarışına dözə bilmədi. Qolları yumşaldı. Sonra silahını mənə verib qaçmağımı istədi. Dedi ki, görsən ki, erməniyə əsir düşürsən, özünü vur. Silahı götürüb qaçanda fikirləşdim ki, qardaşım mənim kürəyimdən vuracaq. Bir az qaçmışdım ki, məni bir səs gerə çağırdı. Qayıdıb qardaşımla möhkəm qucaqlaşdım. Sanki ürəyimizə dammışdı ki, bir daha görüşməyəcəyik. Onu qucaqlayanda qulağıma son sözlərini söylədi. Mənə ölümdən qorxmamağı, erməni qulduru yaxınlaşarsa özümü vurmağımı tapşırdı. Sən bizim namusumuzsan. Ola bilər ki, mühasirədən çıxa bilərsən dedi. Məni Allaha tapşırdı. Elə o vaxtdan təklənib ayrı düşdüm.
    Qardaşımın yanından sürətlə uzaqlaşdım. Hər tərəfə güllə yağışı yağırdı. Qaçmağımın səbəbi qardaşımın yanından aralı düşmək idi. Artıq bilirdim ki, onun yanında mənə nəsə olsa, o, bu ağrıya dözə bilməz. Mənim üçün ermənilərlə döyüşə girməyindən qorxurdum. Mən gözümü yumub dayanmadan qaçırdım. Xeyli qaçandan sonra başqa istiqamətdən gələn camaata qarışdım. Təxminən 30 nəfər olardıq. Bu vaxt erməni quldurları bizi mühasirəyə aldılar. Orada yaralananlar, ölənlər oldu. Ermənilər əl qumbarası atdılar. Mən də orada sağ tərəfimdən ağır yaralandım. Bədənimdə qəlpələr var idi. Müşfiq adlı oğlanın əlini qumbara paraladı. Sonradan bildim ki, Müşfiq dünyasını dəyişib. Əbülfət Əliyevi, Taleh Quliyevi də güllələdilər. Onlar döyüşürdülər. Talehin həyat yoldaşı belinə bağladığı uşaqla ərinin yanına qaçdı. Taleh son nəfəsinə qədər həyat yoldaşı Ramiləyə, qaç, bu alçaqlara əsir düşmə dedi. Ər sözünə hörmət edən Ramilə var qüvvəsi ilə qaçmağa başladı. Xocalı qadını öz həyasını, qeyrətini qorumağı hər şeydən üstün tutdu. Ramilə qaçdıqca ermənilər onun arxasınca güllə atdılar. Ayaqlarından qan süzülürdü. Ermənilər onu vurduğunu güman etdilər. O öz namusu ilə bərabər, bətnində dünyaya gələcək bir körpəsini, kürəyində Talehin nişanəsi olan oğlunu qaçırırdı.
            Erməni quldurları bizə tərəf yaxınlaşdılar. Yaralıları əsir götürərək maşına yığmağa  başladılar. Qız-gəlinləri seçib aparırdılar. Məni də sürümüyə başladılar. Mən aparmamaları üçün müqavimət göstərirdim. Orada tanıdığım Dadaş adında əsir var idi. Dadaşın başına silahı dirəyib məni maşına tərəf aparmasını dedilər. Dadaş nifrət dolu baxışlarla onlara baxaraq, mən sizin qədər alçaq deyiləm, qonşumun qızına xəyanət edə bilmərəm dedi. Onu öldürsələr də bu istəyinizi yerinə yetirməyəcəyini bildirdi.
            Mən maşına minmək istəmədiyim üçün bərk döyüldüm. O zaman huşum getdiyi üçün yerə yıxılmışam. Quldurlar məni ölmüş zənn edib əl çəkiblər. Özümə gələrkən cəsədlərin arasında olduğumu gördüm. Ətrafda ağır yaralılar var idi. Onlar su və kömək istəyirdilər. Su istəyən bir yaralı gəncin yanına sürünə-sürünə yaxınlaşıb qanlı qartopunu onun dodaqlarına sürtdüm. Bu zaman erməni quldurları bizə tərəf gəldilər. Səssiz-səmirsiz dayandıq. Ermənilər bizim üstümüzdən keçərək getdilər. Bizim yaşadığımızı bilmədilər. Onlar getdikdən sonra həmin gənci oyandırmağa çalışdım. O, gözlərini açdı və of!, ay Allah deyərək gözlərini əbədi yumdu. Onun ölümü bu gün qardaşlarım qədər məni yandırır. Xocalı soyqırımını hər yadıma salanda al qan içində uzanan o yaralı əsgər gözlərimin önünə gəlir. Meyitlərin içində tək qalıb ağlamağa başladım. Birdən bizimkilərin səsini eşitdim. Gücümü toplayaraq ayağa qalxdım və onları səslədim. Bu zaman ermənilər məni atəşə tutdular. Ancaq mənə güllə dəymədi. Bizim döyüşçülər də onlara cavab atəşi etdilər. Hər iki tərəf arasında qalmışdım. Özümü itirdim. Ağdam döyüşçüləri səsimi eşitmişdilər. Həyatımı onlara borcluyam. Onlardan birinin adı Elgiz idi.
    Məni yaralı vəziyyətdə Ağdama çatdırdılar. Ancaq ağır yaralı olduğum üçün vertolyotla Bakıya göndərdilər. Üç aydan sonra Rəssamlar İttifaqının vasitəsilə ilə qardaş ölkə Türkiyədə müalicə olundum. Əməliyyat nəticəsində qolumdan paslı bolt və qayka çıxartdılar. Onların çəkisi 35 qram idi. Bu gün yaşamağıma və Xocalı soyqırımı haqqında danışa bilməyimə görə onlara borcluyam.
    Xəstəxanada müalicə olunanda gözlərim qardaşlarımı axtarırdı. Hər qapı açılanda qardaşlarımın içəri girəcəyini düşünürdüm. Bir gün ağlaya-ağlaya yalvarıb anamdan qardaşlarımın harada olduğunu soruşdum. Niyə mənimlə gəlib maraqlanmırlar dedim. Anamın gözlərindən axan yaş, səssiz duruşu cavab işarəsi idi. Üç aydan sonra xəbərim oldu ki, qardaşlarımın üçü də şəhid olublar. Xocalı soyqırımında 1928-ci il təvəllüdlü atam Bahadur Səlimov, qardaşlarım 1958-ci il təvəllüdlü Fəxrəddin Səlimov, 1960-cı il təvəllüdlü Araz Səlimov, 1970-ci il təvəllüdlü Mikayıl Səlimov şəhid olublar. Qardaşım Araz Səlimov ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görüldü. Araz könüllü olaraq Xocalı Özünümüdafiə Batalyonuna yazılmışdı. O, dəfələrlə qaynar döyüşlərə girmişdi. Araz 1992-ci il 26 fevral Xocalı faciəsi zamanı son gülləsi qalana qədər vuruşdu. Onlarla dinc sakini xilas etdi. Erməni vəhşiləri onun izinə düşdülər. Əsgəran rayonunda qardaşım Fəxrəddinlə Arazı vəhşicəsinə min bir əzabla qətlə yetirdilər. 21 yaşlı kiçik qardaşım Mikayıl Xocalı polisində çalışırdı. Xocalı soyqırımının qurbanlarından biridir. Ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni ilə təltif edildi.



            Anamın sinəsinə onsuz da dağlar çəkilmişdi. Onun dərdi üstünə dərd gətirməmək üçün atamı, qardaşlarımı gizlincə ağladım. Yenə də öz halıma şükür etdim. Gözlərimin qarşısına əsirlikdə olanları, ağlasığımaz işkəncələrə məruz qalanları gətirdim. Mənim üçün ən müsibətli erməni zindanında əsir olmağım olardı. Bu atamın, qardaşlarımın ruhunu incidərdi.
    Xocalı soyqırımı mənim qəlbimdə əbədi sağalmaz yaradır. Bu yaraya illərdir dözə bilməyim mənə ilahinin verdiyi gücdəndir. Axı anam, iki bacım bu dərdə dözə bilmədi. Üç qardaşımın, atamın şəhid olmasına, Xocalı qətliamına onlar tab gətirmədi. İndi mən bu çəkdiyim mənəvi iztirablarla ermənilərin törətdiyi vəhşilikləri danışmağı özümə borc bilirəm. Qəlbimdəki bütün ağrılar Qarabağ torpaqları, Xocalı yağı tapdağından azad edilən zaman səngiyəcək. Ancaq Xocalıya qayıdarkən qardaşlı günlərimi, uşaqlığımı, xoş çağlarımı gözlərimin önünə gətirərək təskinlik tapa bilərəm. 

    Qalib BƏYMƏMMƏDOĞLU,

    "Xocalının səsi" qəzetinin redaktoru,

    "Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması"

     İctmai Birliyinin İdarə Heyətinin üzvü


    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi3 il öncə
    İzlənib37 dəfə
    Xumar Səlimovanın faciəli taleyi

    Maraqlı gələ bilər
    81